az en
info@fworks.az
+994 12 447 74 78
+994 70 336 88 11

Məqalələr - İLK MENECMENT VƏZİFƏNİZƏ APARAN YOL

İLK MENECMENT VƏZİFƏNİZƏ APARAN YOL

“Əgər bu sətirləri oxuyursunuzsa, lap yaxın zamanlarda yeni rol almaq imkanınız vardır və ilk dəfə olaraq menecer olmaq ərəfəsindəsiniz. Təbriklər!”

Yeni menecer kimi bəzi tanış olmayan, proseslərin hazırlanması, komandanızın məqsəd və prioritetlərinin müəyyən edilməsi və hər kəsin tam potensialına uyğun fəaliyyət göstərməsinin təmin edilməsi kimi çağırışlarla üz-üzə qalmanız mümkündür.

Başqalarının gözləntiləri Sizi narahat edə bilər. Bossunuz Sizin “qaçaraq enməyinizi” gözləyirmi? Komandanızın məqsədləri çoxmu şöhrətpərəstdir? Sizə hansı təlimat və dəstək veriləcəkdir?

Xoşbəxtlikdən, uğurlu başlanğıc üçün çox şey edə bilərsiniz. Bu məqalədə biz yeni menecer rolunuzun uğurlu olması üçün istifadə edə biləcəyiniz bəzi strategiya və məsləhətləri nəzərdən keçirəcəyik.

Yeni Menecer kimi uğur qazanmaq

İstər kiçik komanda, istərsə də bütöv departamenti idarə edin, fərq etməz, Sizi narahat edəcək əsas məsələlər eynidir:

- Digərlərinin töhfələrinə görə məsuliyyət daşımaqla mən fərd kimi yenə də yaxşı fəaliyyət göstərə bilərəmmi?
- Komandamın effektiv məqsədlərini necə müəyyən edim?
- “Komanda üzvü”ndən “komanda lideri”nə keçid dostluqlarımın bahasına başa gələcəkmi?
- Başqalarını motivasiya etmək və onların hörmətini qazanmaq üçün lazım olan hər şey məndə varmı?
- Birdən komanda məni xoşlamasa – yaxud bir-birini xoşlamasa, onda necə?

Yeni rolunuza gözüaçıq baş vurmağa və ən mühüm amillərə fokuslaşmağa çalışın: bunun üçün etimad yaradın və komandanızın ən yaxşı xüsusiyyətinin açılmasına səbəb olun.

Müstəsna menecer olmaq üçün irəli sürdüyümüz səkkiz əsas məsləhət:

1. Rolunuzu müəyyən edin

İlk olaraq yeni məsuliyyət, məqsəd və vəzifələrinizi düzgün başa düşdüyünüzə əmin olun.

Fəaliyyətinizə vəzifə təlimatınızı öyrənməkdən başlayın və ondan həmin vəzifələri əldə edilə biləcək nəticələrə çevirə biləcək plan hazırlamaq üçün istifadə edin. Qeyri-müəyyən olduğu təqdirdə, onu özünüzün yazmağınıza ehtiyac ola bilər.

 

Əsas məsuliyyət və vəzifələriniz haqqında bossunuzla danışın və onun dediklərini qeyd edin. Mümkün olduğu təqdirdə, Sizdən əvvəl həmin vəzifədə çalışan şəxslə söhbət edin. Onun əsas məsuliyyəti nədən ibarət olub? Onun təbirincə, ən önəmli vəzifəsi nədən ibarət olub? İş elanları, yaxud köhnə vəzifə təlimatlarına bir daha müraciət edin və vəzifə məsuliyyətinizin əsas məsələlərini yoxlayın.

Bütün bunları yazın, yaratdığınız vəzifə təlimatını boss, yaxud mentorunuza göstərin və onların razı olub-olmadığını müəyyən edin.

2. Mentorla işləyin

Yeni rola müvafiq fəaliyyətə başladıqda, mentorla işləmək çox faydalı ola bilər, çünki o, fəaliyyətiniz haqqında Sizə rəy verə və uğur qazanmağınız üçün xüsusi bacarıqlarla bağlı təlimləndirə bilər. O, yeni rolunuzda Sizə əvəzsiz məsləhət və təlimat verə bilər, dəstək vermək və ruhlandırmaqla Sizdə özgüvəni artıra bilər.

Başlanğıc üçün mentorluq münasibətində nəyi əldə etmək arzusunda olduğunuzu qeyd edin. Məs, Siz ekspert biliyini artırmaq, Sizi motivasiya edə və ruhlandıra biləcək birisi ilə sıx işləmək, yaxud kiminləsə ideyalar müzakirə etmək arzusunda ola bilərsiniz.

3. Yaxşı münasibətlər qurun 

Dahi menecer olmaq heç də kamil strateq, yaxud ruhlandlırıcı natiq olmaq demək deyildir. Ekspertlərə görə, menecerin rolunun ən önəmli hissəsi onun komanda üzvləri ilə dəqiq, şəxsi əlaqələr qurmaq bacarığından ibarətdir.

 

Menecer kimi, hamının dostu olmaq mümkün deyildir. Bir nömrəli məsuliyyətiniz lider olmaq və münasibətlərə balanslaşdırılmış yanaşma sərgiləmək üçün lazım olanı etməkdən ibarətdir. Təbii ki, komandanızla çox gözəl münasibətdə olmaq istəyirsiniz, amma Siz onlar üçün həm də bələdçi olmalısınız.

Yeni komandanın etimadını qazanmaq üçün keçmiş biznes təcrübəniz və bu vəzifəyə gəlməyinizlə bağlı onlarla açıq olun. “Yol boyu” buraxdığınız səhvlərinizi onlarla paylaşmaqdan qorxmayın (onlar həddən ziyadə ciddi olmayana qədər!). Komanda üzvlərinin fərdi fərqlərinə hörmətlə yanaşın. Canlı müzakirəyə təkan vermək və qrup düşüncəsindən çəkinmək üçün onların fərqliliklərindən istifadə edin.

4. Məqsədləri müəyyən edin və onları auditoriyaya çatdırın

Başqa birisinin rəhbərliyi altında çalışdığınız illərdən sonra qəflətən komanda rəhbəri olmusunuzsa, ehtimal ki, onların təcrübə və prosedurlarını təkmilləşdirmək üçün yeni ideyalarla dolusunuz. Amma ən azı müəyyən müddət çoşqunuzu cilovlamağa çalışın.

“Yeni süpürgə sindromu” – gələn kimi bütün “köhnə yolları” süpürüb atmaq insanların Sizə qarşı cəbhə açmasına səbəb olar. Komandanın oturuşmuş fəaliyyətinə hər hansı əsas dəyişikliklər etməzdən qabaq yeni rola uyğunlaşmaq üçün özünüzə müəyyən zaman tanıyın. Onun fəaliyyətini liderlik perspektivindən müşahidə edin və işlərin necə getməsi haqqında insanlarla söhbət edin. Daha sonra komandanızın hər bir üzvü üçün məqsədlər müəyyən edin. Bu ambisioz hədəfləri – hər kəsin bacarıqlarını “gərildən” hədəflər müəyyən etməyi nəzərdən keçirin.

5. Özünüz yaxşı nümunə olun

Menecer kimi bilməlisiniz ki, komandanız işdə davranış nümunəsi göstərməyinizə diqqət yetirir. Komanda üzvlərinin davranışını formalaşdırmaq, fəaliyyətini yaxşılaşdırmaq və yaxşı vərdişlər aşılamaq istəyirsinizsə, özünüz nümunə olmalısınız. Söz və hərəkətlərinizlə dediklərinizin arxasında dayandığınızı göstərin. Məsələn, hamının bazar ertəsi səhər keçirilən toplantılara qatılması zəruriyyəti varsa, heç vaxt o toplantıları buraxmayın. Əgər insanların bir-birinə etimad etməyə başlamasını istəyirsinizsə, haqqınızda olan informasiyanı paylaşmaqla etimad nümayiş etdirin.

6. Mütəmadi olaraq rəyinizi bildirin

Əməkdaşlarınız nə üzərində işləməli olduqlarını bilməsələr, inkişaf edə bilməzlər. Və proses boyunca onların gərgin əməyini və uğurlarını tərifləməsəniz, onlar motivasiyalı olmayacaqlar. Məhz buna görə də, konstruktiv tənqid və zamanında edilmiş tərif belə önəmlidir. Bunlar olmadan komandanız kor-koranə işləyər.

Mümkün qədər hadisəyə yaxın rəy verməyə çalışın. Faydalı tənqid və təkmilləşməyə müsbət yanaşma arasında düzgün balans tapmaq lazımdır. Verdiyiniz rəylərdə ardıcıl olun. İllik deyil, həftəlik, yaxud aylıq verilən rəylər daha məhsuldardır, o baxımdan fəaliyyəti tez-tez müzakirə etməyə çalışın. Rəy verdikdə yaxşı mühakimə və həssaslıqdan istifadə edin. Həmişə fəaliyyət məsələlərinə özəl yanaşın, amma yaxşı görülmüş işi qiymətləndirdiyinizi nümayiş etdirmək və başqalarını ruhlandırmaq üçün hamının yanında tərifləyin.

7. Məsuliyyətlərinizi paylaşın

Ən yaxşı menecerlər bilir ki, onlar işin hamısını etmək iqtidarında deyildir, məhz buna görə səlahiyyətlərinizi effektiv şəkildə necə paylaşmağı bilməlisiniz. Müvafiq istifadə edildikdə səlahiyyətlərin paylaşdırılması komanda üzvlərinizin bacarıqlarını yaratmaqla və onların etimadını artırmaqla tapşırıq və məsuliyyətlərinizi daha yaxşı idarə etməyə kömək edir.

Məsuliyyətlərinizi uğurla paylaşmaq üçün tapşırığı münasib şəxsə verin. Tapşırıqları yeni bacarıqlar inkişaf etdirəcək, yaxud karyera irəliləyişinə nail olmağa kömək edəcək şəxslərə ötürməyə çalışın. Tapşırıq verərkən, onu verdiyiniz komanda üzvünə ondan hansı nəticə gözlədiyinizi deyin, amma işi necə görmək lazım olduğu haqqında heç nə deməyin. Əvəzində isə kömək lazım olub-olmadığını müəyyən etmək üçün ona müntəzəm baş çəkin, amma tapşırığı öz gücləri hesabına yerinə yetirmələrinə imkan yaradın.

8. Çevik olun

Menecement “bir ölçü hamıya uyğundur” demək deyildir. Fərqli vəziyyətlərdə fərqli papaq qoymaq lazımdır, ən effektiv menecer isə intuitiv olaraq papaqları və rolları nə vaxt dəyişmək lazım olduğunu bilir.

Məsələn, bəzən komandanız üçün ruhlandırıcı lider olmalısınız. Başqa vaxt onların Sizin vasitəçi, nominal rəhbər, yaxud danışıqlar aparan şəxs olmanıza ehtiyacı ola bilər. Ona görə də, menecer kimi icra edəcəyiniz müxtəlif rollar və onların hər birinə baş vurmağın ən uyğun zamanı olması haqqında daha çox öyrənin.

 

Bundan əlavə, yadda saxlayın ki, hər şeyi təkbaşına edə bilməyiniz mümkün deyildir. Komanda üzvlərinə ötürə biləcəyiniz tapşırıqları müəyyən edin və şəraitə müvafiq olaraq menecer kimi fərqli rollarınız arasında necə keçid edəcəyinizi öyrənin.

Və sonunda, yeni rolunuzda uğur qazanmaq üçün inkişaf etdirməyə ehtiyac duyduğunuz üç bacarığı qeyd edin və növbəti altı ay ərzində onların hər birini necə yaratmaqla bağlı plan yazın.